Məktəbdə milliyətimizin azərbaycanlı olduğunu öyrədirdilər. Qəzet-jurnallar da elə yazırdı, radio-televizyada da elə deyirdilər. Rayon mərkəzinə gedəndə ermənilərin uşağı da, böyüyü də, rəhbər vəzifədə işləyənləri də bizə türk deyirdi. Türklərin onların ata-babalarını qırdığından danışırdılar. Kitablarımızda da türklər işğalçı, qəddar kimi təsvir edilirdi. Bizim savadsız kəndlilərimiz, müəllimlərimiz isə türklərin xilaskarlığından söz açırdılar. Ermənistanın ermənilər yaşayan, türklər yaşayan, hətta ruslar yaşayan kəndlərində yazılar erməni dilində, Gürcüstanda gürcü dilində olduğu halda, Azərbaycanda rus dilində idi. Özbəkistana, Türkmənistana, Qazaxıstana, Qırğızıstana və b. türk xalqları yaşayan bölgələrə gedən kəndlilərimiz oradakı yazıların da rus dilində olduğunu söyləyirdi. İçimdə sual yaranırdı: Nədən xristian respublikalarında yaşıyan xalqlar öz dillərində yaza bilər, rəsmi dilləri ana dillərindədir, amma müsəlman respublikalarında yaşayanlar rus dilində yazmalıdılar?!
Oxumağa getmək istəyən yeniyetmələrin pasport almaq üçün günlərlə rayon milis idarəsinin qarşısında növbəyə durduqlarının, rüşvət verənlərin növbəsiz pasport aldıqlarının şahidi olurduq. Üç aylıq, altı aylıq, bir illik müddəti olan bu pasportlar yalnız SSRİ daxilində qüvvədə idi. Onunla xaricə getmək olmazdı. İkinci, üçüncü dəfə pasport alanlara beş illik və daha üzunmüddətlisini verdilər.
Bakıda, Sumqayıtda və ya Rusiyanın hər hansı bir bölgəsinə getmək istəyəndə gərək rayona gedərək rüşvət verib qeydiyyatdan çıxaydın. Azərbaycanda da rüşvət vermədən yataqxanaya və ya hansısa qohumunun evinə qeydiyyata düşmək, arayış almaq mümkünsüz idi. Ermənilərin, rusların və başqa digər millətlərdən olanların Bakıya asanlıqla qeydiyyata düşdüklərini, bizə isə keçilməz sədd yaradıldığını görmüşdük. Tələbələrin bir qismi yanımızdaca valideynlərinin onların ali məktəbə, texnikuma qəbul olmaları üçün hansı müəllimə nə qədər pul verdiyini, imtahandan kəsilməmək üçün öncədən necə pul topladıqlarını, kəsilənlərin isə tapşırtdırılaraq və ya pul verərək qiymət yazdırdıqlarının şahidi olurduq.
Universitetdə bizə Marksın, Engelsin, Leninin əsərlərini, Sov. İKP plenumlarının, qurultaylarının qərar və qətnamələrini oxudurdular. Marksın pambıqçı əməyinin qul əməyi adlandırdığını, Leninin sosializmdə istiqraz, lotereya olmayacağını oxuyurduq. Hər yerdə istiqraz, lotereya satıldığını görürdük, hətta tələbələrin təqaüdündən müəyyən məbləğ kəsib əvəzində lotereya verirdilər. Zorla qəzetlərə abunə yazdırırdılar, lotereyanı almaq istəməyəni, qəzetə abunə olmaq istəməyəni təhdid edir, məktəbdən qovacaqları ilə hədələyirdilər.
Nəinki ali və orta ixtisas məktəblərinin tələbələrini, 4-cü sinifdən yuxarı siniflərin şagirdlərini rəsmi surətdə pambıq yığımına cəlb edirdilər. Hətta bəzi yerlərdə birinci sinifin uşaqlarını belə pambıq yığmağa aparırdılar. Tualeti, içməli suyu, normal yeməyi və yatmağı olmayan uşaqlar, yeniyetmələr və gənclər qəzalardan, xəstəliklərdən ölürdülər. Amma onların heç birini istehsalat qəzası kimi qeydə almırdılar.
Rəsmi yazılan və deyilənlərlə yaşantıların uyğun gəlmədiyi bir cəmiyyətin burulğanında dünyagörüşümüz formalaşırdı.
Kənd meydanında eşitdiklərimi ali məktəbdə oxuduqlarımla, xüsusilə, 1920-1930-cu illərdə oxuduğum qəzet və jurnallarla zənginləşdirdim. 1937-ci ildə baş verən repressiyanın millətimin savadlı, vətənsevər oğullarının məhvinə yönəldildiyini bildim. Onların (repressiya olunanların) haqlı olduğunu başa düşdüm.
Beləcə, məndə türksoylu xalqları yaxından tanımağa maraq artdı. Gördüm ki, onların taleyi də Azərbaycanlılardan heç nəyi ilə fərqlənməyib. Azərbaycanlıları cəzalandırmaq üçün Qazaxıstana, Qırğızıstana, Sibirə sürgün ediblər. Oxuyanda ki, Qazaxıstanda, Qırğızıstanda, Sibirdə də kütləvi sürgünlər olub, heyrət məni bürüdü. Necə yəni sürgün yerindən də sürgün olurmuş?
Ali məktəbin son kursundan başlayaraq türk xalqlarını daha yaxından tanımaq üçün onların yaşadıqları bölgələrə getdim, aydınları ilə görüşdüm. Bu görüşlər, söhbətlər haqqında yazdıqlarımın çoxu redaksiyalar tərəfindən bəyənilmədi, lakin ruhdan düşmədim.
Sovetlərin çöküşü isə vəziyyəti tamam dəyişdi. Yazdığım məqalələrin nəşri imkanları artsa da, maddi sıxıntı üzündən getmək imkanlarım azaldı. Yaxşı ki, elmi toplantılarda bəzi təşkilatçılar yol, qalmaq və yemək xərclərini ödədilər. Ondan yararlandım. Getdiyim və şahidi olduğum hadisələr haqqında yazdım. Lakin qəzet və jurnalların həcmi, radio və televiziya verilişlərinin vaxt məhdudiyyətləri yazdıqlarımın hamısını oxucuya, dinləyiciyə çatdırmaq imkanı vermədi. Buna görə də onları kitab halında oxucuya təqdim etməyi qərara aldım.
İlk dəfə bu mövzuda “Quzey Kıbrıs” kitabım işıq üzü gördü. Sonra da yol qeydlərimi “Qaşqaylar və onların folkloru”, “Albaniya və Azərbaycandakı albanlar” kitablarımda verdim. Türküstana gedərkən yazdığım məqalələrin üzərində yenidən işləyərək “Parçalanmış Türküstanı gəzərkən” kitabına daxil etdim.
“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşrə hazırlayarkən tanış olduğum insanların bəzilərinin mənə verdiyi vizit kartları tapa bilmədim. Diqqətsizlikdən bəzilərinin də adını, soyadını öyrənməmişdim. Belələrinin şəkilini kitabda verərkən adlarının yerinə nöqtələr qoydum.
Kitabı nəşrə hazırlayarkən ayrı-ayrı məqalələrin ilk oxucusu, redaktoru və məsləhətçisi olmuş iş yoldaşlarım Aynurə Sadıq qızı və Məhsəti Vaqif qızı oldu. Bakıda ali təhsil almış Tudora Arnaut qaqauzlar, Nigar İsmət qızı Kırım tatarları haqqında yazdıqlarımı oxudular ki, yanlışlıqlar olmasın. Kitabın hazırlanmasında mənə təmənnasız kömək etmiş bu insanlara, eləcə də “Köhlən” nəşriyyatının əməkdaşlarına təşəkkürümü bildirirəm.
Quzey Qafqaz sovetlərin çöküşündən sonra
Sovetlər Birliyində geniş sanatoriya və kurort şəbəkəsi yaradılmışdı. Oraya istirahət və müalicəyə getmək istəyənlərə göndərişlər [1] Путёвка.
verilirdi. Bu göndərişlərin də pulunun 85 faizinin (bəzən də 100 faizinin) yerli həmkarlar təşkilatları ödəyirdi. Təbliğat da öz işini görürdü. Adamlar kurort və sanatoriyalara, istirahət mərkəzlərinə getməyə həvəsləndirdilər. Sanatoriyalar əsasən xəstələrin fizoterapiya müalicəsi üçün yaradılmışdır. Oraya getmək istəyənlər mütləq xəstəliyi haqqında sənəd aparmalı idi. Xəstə olmayanlar da həkimdən saxta bir sənəd alırdı. Bu sənədin saxtamı, doğrumu olduğuna nə sanatoriyalarda çalışanlar ciddi yanaşırdılar, nə də onu verən poliklinikaların həkimləri. Buna görə də hər hansı bir təşkilatda çalışan adam ildə bir dəfə, iki ildən bir göndəriş alıb sanatoriya və kurortlara gedə bilirdi.
Hər il sanatoriyaya gedənlər sırasında xanımım və mən də vardım. Müalicə bir bəhanə idi. İmkandan istifadə edib qədim türk yurdlarını gəzir, oradakı aydınlarla görüşürdük.
Göndərişsiz səfərə çıxanda həm çoxlu problemlərlə üzləşirdik, həm də baha başa gəlirdi. Moskva, Leninqrad [2] 1924-cü ildə 1991-ci ilə kimi şəhər Leninin şərəfinə Leninqrad adlanmışdır. 1991-ci ildə SSRİ dağıldıqdan sonra şəhər Sankt-Peterburq adlanır.
kimi böyük şəhərlərdən tutmuş ən kiçik rayon mərkəzində, böyük qəsəbələrdə belə hotel [3] Sovet dövründə “qostinisa” adlanırdı.
vardı. Lakin orada yer tapıb qalmaq mənim kimiləri üçün çətin idi. Hotel boş olsa belə qeydiyyatçı “yer yoxdur” deyirdi. Elə ki pasportun arasına 10, 25 manat qoyub verirdin, onda “yer tapılırdı”. Qanundankənar pul verməyi özümə sığışdırmırdım. Buna görə də hotellərdə yer tapmağım çətin olurdu.
Читать дальше