Düşünürük ki, müəllifin digər əsərləri kimi bu kitabı da Türk dünyasını daha yaxından tanımağa, problemləri daha yaxşı analiz etməyə kömək edəcəkdir.
Ləman Vaqifqızı (Süleymanova)
Fil.ü.f.d., dos.
Rəsmi təbliğat və gördüyünü danışan insanlar
“Yol qeydlərim (Quzey Qafqaz, Kırım, Qaqauz Yeri və Güney Koreya)” kitabın nəşriyyata göndərmək istərkən dönüb keçmişimə baxdım. Gördüm 73 ili arxada qoymuşam. 18 xarici ölkədə elmi simpoziumda iştirak etmişəm, 200 yaxın məruzə oxumuşam. İstər Azərbaycanda, istər vətənimdən kənarda nəşr etdirdiyim məqalələrin, oxuduğum məruzələrin əsas qayəsi zülmə, haqsızlığa etiraz olub.
Etirazımın, narazılığımın səbəbi mənə edilən haqsızlıqdırmı? Yazılarımda və çıxışlarımda demək olar ki, buna rast gəlinmir. Sovet rejiminin yalnız məni deyil, ailəmi, qohumlarımı, ətrafımdakıları necə əzdiyini, çıxılmaz vəziyyətə saldığını görmüşəm. Biliyim artdıqca, oxuduğum kitablar, məqalələr, arxiv sənədləri çoxaldıqca bilmişəm ki, təkcə mənim ailəm, qohumlarım, kəndim, millətim əzilməyib. Son yüzilliklərdə Türksoylu xalqlara, onların cəsur, millətsevər övladlarına edilən ədalətsizlik içimi göynədib. Ağrılarımı, acılarımı üsyankarcasına oxucuya çatdırmamışam, sakit-sakit sətirlərimə hopdurmağa çalışmışam.
Ucqar bir dağ kəndində doğulmuşam. Ailəmizdə, oxuduğum məktəblərdə müəllimlərim arasında açıq antisovet, milliyətçi təbliğat aparan olmayıb. Gördükləri, şahidi olduqları hadisələri də nə gizlədiblər, nə də ona siyasi rəng qatıblar. Uşaqların əksəriyyəti kimi mən də dərsə getməyəndə, təsərrüfat işləri görməkdə ailəyə, qohum-əqrabaya kömək etməyəndə adamların toplaşdığı dükanın yanında olmuşam. Daha çox özümdən böyüklərin söhbətlərini, zarafatlarını dinləmişəm. Yeniyetmə ağlımla onların dediklərinin qəzetlərin, jurnalların yazdıqları, radio-televiziyada, iclaslarda deyilənlərə düz gəlmədiyini hiss etmişəm. Kəndimizin adamları şahidi olduqları, eşitdikləri, gördükləri hadisələrə bir az da bəzək-düzək vuraraq danışırdılar. Görünür, bu da onların aşıq mühitində böyümələrindən, dastançılıq ənənəsinin təsirindən çıxa bilməmələrindən irəli gəlirdi.
Məktəbdə, dərsliklərdə, qəzet və jurnallarda, radio və televiziyada, rəsmi toplantılarda Sovetlərin qazandığı böyük qələbələrdən söz açılırdı. Kənd içərisində isə, nimdaş, yamaqlı paltar geymiş atalar övladlarını ali məktəblərə qəbul etdirmək üçün qəpik-qəpik pul toplamalarından, kolxoz malını rəhbərlərin oğurladıqlarından, talançılıqdan, ölkədə rüşvətin baş alıb getdiyindən danışırdılar. İl boyu kolxozda işləyən bu adamlar həkimə getmək üçün, ailə üzvlərini şəhərə yola salmaq üçün, ali və orta ixtisas məktəblərində oxuyan balalarına beş-on manat göndərmək üçün borc almağa dəfələrlə müəllimlərin üstünə qaçtığının şahidi olmuşam. Müəllimlər də hər zaman pul verə bilmirdilər. Maaş verilən vaxtı gözləmək lazım gəlirdi.
Çoxlu mal-qara, toyuq-cücə saxlayan kəndlilərin evində aylarla ət xörəyi, yumurta yeyilmirdi. Necə deyərlər, ət, yun, yağ, pendir, yumurta və b. kənd təsərrüfatı məhsullarının çoxu bazarda satılmaq üçün hazırlanırdı. Oradan əldə edilən pul ailə üzvlərinə geyim, ev əşyaları alınmasına, xeyir-şərə xərclənirdi.
Rəsmi təbliğat Sovet Ordusunun İkinci Dünya Savaşındakı möhtəşəm qələbəsindən, adamların orduya könüllü yazıldığından danışırdı. Kəndimizdə bir nəfərdə olsun, “mən əsgərliyə könüllü getdim”, ‒ deyən yox idi. Hamısı məcburi əsgər aparıldığını deyirdi. Əsgərliyə 18 yaşında aparırdılar. Amma savaş illərində kəndimizdən 18 yaşı çatmayanları da səfərbərliyə alıb savaşa göndərmişdilər. Savaşda iştirak edənlər isə aclıqdan, ordudakı başıpozuqluqdan, milli ayrıseçkilikdən söhbət açırdılar. Rus dilini bilmədiklərinə görə komandirlərin müsəlmanları “yoldaş” deyib necə güllələdiklərindən danışırdılar.
Kəndimizdən savaşa göndərilənlərin əksəriyyəti Kırım yarımadasında olmuşdu. Necə deyərlər, güllə səsi eşitməmiş, burunlarına barıt qoxusu dəyməmiş, almanlara bir güllə, bir mərmi atmamış mühasirəyə düşmüşlər. Sahilə yaxın olanlar mühasirədən qurtulmaq üçün əsgər və zabitlərin başıpozuq, düzənsiz halda Kerç boğazından gəmilərlə keçmək istədiklərini danışırdılar. Gəmi az, qaçıb qurtulmaq istəyənlər çox olduğundan basabas yaranırmış. Gəminin yükü çox olmasın, dənizdə batmasın deyə zorla minmək istəyənləri itələyib suya salırlarmış. Hava sahəsi qorunmadığından köhnə gəmilərə minmiş “şanslılar” isə alman təyyarələrindən atılan bombalardan balıqlara yem olmuş, ya da cəsədlərini ləpələr sahilə vururmuş. Sahildəki cəsədləri toprağa basdırmağa təşəbbüs göstərən belə olmurmuş. Əsgər və zabitlərin bir qismi isə 4–5 gün mühasirəyə düşdükləri üçün yüksək rütbəli komandirlərinin onları qoyub qaçdıqlarını bilməmişlər. Ac qaldıqlarında özlərinə yemək tapmaq üçün gedərkən almanların yarımadanı tutduqlarını bilmişlər. Əsirlikdə olanlar almanların onlara ruslardan yaxşı davrandıqlarını danışır, almanların nizam-intizamından, səliqə-səhmanından, qanunlara ciddi əməl etmələrindən qürurla danışırdılar. Biz uşaqlar isə bir-birimizi söymək və təhqir etmək istərkən nemes (alman) deyərdik.
Kəndə gələn kinolarda Sovet ordusunun hünəri, partizanların dözümlülüyü, qəhrəmanlığı tərənnüm olunurdu. “Uzaq sahillərdə” filmindəki Mixaylo uşaqların və yeniyetmələrin sevimli qəhrəmanı idi. Biz savaş iştirakçısı olan, əsir düşən kəndlilərimizdən Mixaylonu xəbər alırdıq. Onlar bizə Apo bəy Düdənginskini, Məhəmmədəmin Rəsulzadəni harada, necə gördüklərini söyləyirdilər.
Kəndimizdən Sovet İttifaqı Qəhrəmanı adı o yana qalsın, yüksək döyüş ordenləri alanlar da yox idi. Hansısa orden-medalı olan vardısa, o da sanki gizlədir, demirdi. Bizim kənddə qəhrəman kimi tanınanlar almanlara qarşı döyüşənlər deyil, ordudan qaçaraq dağlarda Sovet rəhbərlərinə qarşı döyüşənlər idi. Onlar haqqında elə ilhamla danışırdılar, gəl görəsən. Bu söhbətlər bəzən mənə inandırıcı görünmürdü. Çünki bir-iki nəfərin qaçağın 30–40 nəfər təlim görmüş, hər cür silah-sursat və ərzaqla təmin olunmuş sovet əsgər və zabitlərinə qalib gəldiyinə, qaçaq Fərzalının beşaçılanla təyyarəni vurmağına necə inana bilərdim? Amma onlar hadisələri elə təfərrüatı ilə danışırdılar ki, etiraz etməyə yer qoymurdular. 20-30-cu illərdə olduğu kimi, İkinci Dünya Savaşı illərində də kəndimizdan 8–9 nəfər qaçaqlıq elədiyinə görə güllələnmiş, bəzilərinin ailə üzvləri həbs edilmiş, Qazaxıstana sürgünə göndərilmişdi.
Quzey Qafqazda yaşayan qumuqların, noqayların, malkarların, qaraçayların, kırım tatarlarının, qaqauzların, axısqalıları bizimlə eyni dildə danışdıqlarını ilk dəfə zorla savaşa göndərilmiş kəndlilərimizdən eşitdim. Onlar soydaşları olan, tərcüməçisiz bir-birlərini başa düşdükləri qazaxlarla, qırğızlarla, özbəklərlə, türkmənlərlə, başqırdlarla bir-birlərini necə qoruduqlarından ilhamla söz açırdılar.
Читать дальше