Fikirlər hissini boğur hər gecə.
Hey dolub-boşalan, dəyişən halın
o kövrək qəlbini yaşatsın necə?
Hər gülü anlayan, çiçəyi duyan
özünü duymurmu? İnanmaq çətin.
Əlimdə gizlənən titrək əllərin
söyləyir: «yanmaq da, danmaq da çətin».
19.04.2014
Daha gecələrin yuxusu qaçıb.
Daha yuxular da şipşirin gəlmir.
Gecənin halını kim qaçırıb, kim?
Bu halsız gecələr özünə gəlmir.
Dəniz qaranlığı alıb qoynuna,
sahilin dərdini ləpələr çəkir.
Bulud arxasında gizlənib ay da,
gündüzün dərdini gecələr çəkir.
Bu gecə meh də yox, yatan ağacda
yarpaqlar boynunu budağa dikib.
Girmişəm gecənin dərə bətninə,
görürəm bir qızın yuxusu itib.
28.01.2016
Hamıdan sakitdim, saf bir oğlandım.
Başımı aşağı salıb gəzərdim.
Günəşin altında qaralanacan,
günü saatlara düzüb bəzərdim.
Məni aya bölüb böyüdən ilin,
oxşar günlərində heç darıxmadım.
Düşüncəm yerində, ağlım yerində,
sözümdə bir kərə heç karıxmadım.
Sevincli gündüzün, xoş axşamların
günəşi nə gözəl, ayı nə gözəl.
Qayğıdan çox uzaq uşaq çağların
yağışı, payızı, yayı nə gözəl.
Elə ki sən gəldin… hər şey dəyişdi.
Dəyişdi zaman da, dəyişdi an da.
Allanan yanaqla, gülən ürəklə
mənə göz vururdu təzə güman da.
Məhvəri dəyişdi sakit ömrümün,
sükutlu həyatım içdən qaynadı.
Baxdım üz-gözünə, matım qurudu:
İlahi, bu necə gözəl aynadı.
Könül aynasında mən sən olmuşam.
Dəyişib əhvalım, dəyişib halım.
Qayıdım özümə, ya səndə qalım?
Qorxuram olanı əlimdən salım…
Qalmışam bu iki yol arasında.
İçimdən içimə səs pıçıldayır:
«Dözməz bu halına…, dözməz ürəyin.
Qaytar məni geri, qadanı alım».
05.08.2017
Mən onda
ayrı bir sevgi gördüm.
Hislərin, duyğuların
zirvəsini gördüm.
Gördükcə, içimə
pillə-pillə hördüm.
Ayrı bir mərhəmət,
şəfqət gördüm.
İlahi bir gözəllik gördüm
sözündə, düşüncəsində.
Hər şeydə bir əzəmət gördüm.
Mən onu görmədən sevdim.
Darıxdım-darıxdım görüşünə,
darıxdım addım-addım gəlişinə,
gülüşünə.
Mən o adamın
əllərini görmədən əllərini sevdim,
gözlərini görmədən gözlərini sevdim,
baxışlarını sevdim,
səsini eşitmədən səsini sevdim,
üzünü görmədən üzünü sevdim,
mən onun özünü sevdim.
Azadlığını sevdim,
varlığını sevdim.
Mən onun insanlığını sevdim.
14.02.2018
Bir göyərçin uçacaq
üşüyən pəncərədən.
Bir göyərçin uçacaq
soyuyan əllərimdən.
Yuvası uçan gözəl
gecə harda qalacaq?
O ipək qanadların
səmadamı yoracaq?
Qayğılı baxışında
sevgi dolu bir həyat.
Qayıt, qon pəncərəmə,
məni yuxudan oyat.
29.09.2016
Qismətinə
аcı tаle yаzısı yаzılаn —
Qаçqın uşаğı.
Küçəsi – səhrаnın çıхış хətti,
məhləsi – yаrdım məntəqəsinin yаnı,
evi sоnuncu çаdır,
yаtаğı çаdırın küncü —
Qаçqın uşаğı.
Yаş kаğızı möhürlərlə dоlu,
adı BMT-nin, Qırmızı Хаçın siyаhısındа,
yаrdımlа böyüyən,
şəkli
əcnəbi nümаyəndəliklərin
məzlumlаr аlbоmundа —
Qаçqın uşаğı.
Müəllimi didərgin,
məktəbi çаdırdаn,
təqdimаtı
аdındаn, sоy аdındаn qаbаq —
Qаçqın uşаğı.
Ürkək bахışlı,
əlləri, gözləri təmənnа həsrətli,
ünvаnını ötkəm söyləmək istəkli,
itkilərimizin «günаhkаrı»,
dünyаnın аrtıq аdаmı —
Qаçqın uşаğı.
Nə dоğulduğu yerin dəqiq ünvаnı,
nə günü, аyı,
nə nəsli-nəcаbəti, məkаnı bəlli,
çаdırdа dоğulаn —
Qаçqın uşаğı.
Bахışı bахışlаrdаn,
geyimi geyimlərdən fərqli,
gözü özündən böyük,
dərdi çiynində аğır yük,
tаleyi müəmmаlı bir cоcuq,
ürəyi оyuq-оyuq —
Qаçqın uşаğı.
2000
Bu gedişin – zamanın… qəmi var, ağrısı var,
içində naləsi var, dərdi var, yanğısı var.
Körpələr boylanır təpə qəbirdən,
körpələr boylanır qəbir qucaqdan,
körpələr boylanır qan quyusundan.
Bir körpə anasın axtarır hələ
açılan güllənin alovlarında.
Bir gözdə analar güllələndilər,
bir gözdə ataya uçdu güllələr.
Güllələr körpənin son oyuncağı,
güllələr körpənin son dayanacağı.
Körpənin o torpaq tər sinəsində
sevdiyi qırmızı lalə böyüyür,
üstündə bir qara güllə yarası.
Günahsız körpələr, məsum körpələr,
körpə çağlarını yaşamadılar,
körpə adlarını daşımadılar.
Yarımçıq qoyulan ömür payıyla,
üzündə o donmuş qorxunc halıyla,
bir körpə dolaşır, bir körpə gəzir
Qanlı Xocalının gecələrində,
Kərkükün, Mosulun…
Hələb, Kabulun,
köhnə Varşavanın,
Osvensimin,
Xatının,
Bağdad, Dəməşqin,
Qarabağın
sevincsiz,
uşaqsız
küçələrində.
Ötür, illər ötür, zaman dəyişir,
səndə də, məndə də güman dəyişir.
Bu qara dünyada, yalan dünyada
kor fələk dolanan məkan dəyişir,
əldən ələ keçən sükan dəyişir,
naqisin xisləti dəyişmir ancaq.
Təmiz bildiyimiz o boz səmadan
hələ də o qorxunc mərmilər yağır
körpə evlərinə, xəstəxanaya.
Güllə səsi gəlir yerin altından.
Güllə səsi gəlir oyuncaqlardan.
04.02.2017
Gecənin bu sakit, hüznlü vaxtı,
ürəklə qapımı kim olar döyən?
Doğmamı, özgəmi bu qəfil gələn?
Kimlərin yadına düşmüşəm görən?
Bu əski qapılı, əski qıfıllı
bu kasıb komamı kimdi tanıyan,
kimdi gecə vaxtı məni arayan?
Adamın ağlına min güman gəlir,
başımda min xəyal dolaşır, gəzir.
Çoxdan unutmuşam qonaq-qaranı,
Tanrımı göndərib gələn qonağı?
Qaranlıq gecəyə ay doğan kimi,
qapının ağzında gecə qonağı.
Bir əlim dəstəkdə, biri cəftədə.
Açım, ya açmayım?
Bilmirəm hələ…
18.02.2018
Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, «yaxşı yol» deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdı,
saçımın tumarı itib nə vaxtdı,
köksümdə min qubar bitib nə vaxtdı…
O əllər çağırsam gələrmi yenə?
Читать дальше