Hələ qarşıdaydı ömrümün çoxu,
Keçən günlərimi soraqlamazdım.
Gecələr gözümə getməzdi yuxu,
Yazıb – yaratmaqdan əl saxlamazdım…
Elə vurgun idim təbiətə mən,
Nə görsəm o an da gözüm düşərdi.
Çəmənlər zəriflik içib sözümdən,
Sanki sətir – sətir şerləşərdi,
Yaşamaq gözəldi, Yaratmaq gözəl…
Sözlər… hələ sözlər şəkər – qənd idi,
Sözlərdən savayı nə umulurdu?
Tək bircə kəlməyə könül bənd idi,
Tək bircə baxış də bəsim olurdu..
Ağzımda şipşirin bir dad var idi,
Gözümdə heç vədə solmayan bir rəng.
Bir zaman dilimdə bir ad var idi,
Bir də dağ çayından aldığım ahəng,
Bir zaman mən səni sevirdim, gözəl…
Dostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? – dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.
– Nə olub? – deyə soruşdum.
– Heç – dedi.
Təkid etdim.
Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça – qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.
Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.
Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.
Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.
Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…
Səssizcə otaqdan çıxdım.
Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.
Həyat prozası…
Əlisa Nicatın 80 illiyi münasibətilə
Əlisa Nicatın 80 illiyi münasibətilə.
«Mən kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək…»
Əlisa Nicat
Hörmətli Əlisa müəllim, mən sizi çoxdan, lap çoxdan tanıyıram. Hələ orta məktəbdə oxuyarkən «Azərbaycan» yurnalında Sizin «Nəğməyə dönmüş ömür» adlı əsərinizi oxumuşdum. Əsəri oxuyandan sonra keçirdiyim hisləri qələmə almaqda acizəm. Yadınızdamı, qaçırdığı xan qızını Mirzə Şəfinin əlindən alıb, onu Tiflis yolunda tək-tənha qoymuşdunuz. Yolun ortasında tək-tənha qalan şair bilmirdi nə eləsin, hansı yana getsin, dərdini kimə desin, içini yandıran sevginin odunu necə söndürsün… Şairin düşdüyü bu ümidsiz hal məni elə sarsıtmışdı ki, bir neçə gün nə yemək yeyə bildim, nə də su içə bildim. Doğrudan da ümidsiz olmaq pis şeydir. Şairin ümidsiz halı mənim körpə ürəyimi parçalayırdı. Siz inanmazsınız, üstündən bəlkə də, 44—45 il keçib, amma yenə də «Nəğməyə dönmüş ömür» əsərinin son sətirlərini yadıma salanda kədərlənirəm.
İllər keçdi. Bir dəfə «Elm və həyat» jurnalının redaksiyasında sizi gördüm. O vaxtlar tez-tez sizinlə bir yerdə işləyən Aqil Abbasın yanına gəlir, cızma-qaralarımı ona göstərirdim. Aqil müəllim yazılarımı oxuyur, mənə ürək-dirək verirdi. Onun xoş sözlərindən sonra qanadlanıb uçmaq istəyirdim. Siz Aqil Abbasdan mənim kim olduğumu soruşdunuz, dedi ki, eloğlumdur, şerlər yazır. Mən də Aqil Abbasdan sizin kim olduğunuzu soruşdum. Dedi ki, Əlisa Nicatdır. Ürəyimdə özümü bir xeyli danladım. Necə olmuşdu ki, sizin kimi bir dahini tanımamışdım? Amma mənim təqsirim yox idi. «Nəğməyə dönmüş ömür» əsərinizdən sonra mən sizdən heç nə oxumamışdım. Oxumağa bir şey tapmamışdım. Heç zaman üzünü, şəklini görmədiyim, amma xəyalımda əlçatmaz, ünyetməz hesab elədiyim Əlisa Nicatı necə tanıya bilərdim? Qəribədir, çox qəribədir, bu yaxınlarda yenə sizin bəşəriyyətin sonu ilə bağlı bir yazınıza rast gəldim. Adı da çox maraqlı idi: «Mən Kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək». Siz, özünüzün dediyiniz kimi pessimist əhval-ruhiyəli sənətkarsınız, Əlisa müəllim. Bizim qalaktikamızın Andromeda dumanlığı ilə necə toqquşacağını təsvir edir, yenə də gələcək insan nəslininn yaşamağına heç bir şans qoymursunuz. Eynən Mirzə Şəfini 4 yol ayrıcında ümüdsiz, kimsəsiz qoyduğunuz kimi… İnciməyin, amma mənə elə gəlir ki, möcüzələrlə dolu bu aləm bir anda əriyib, yox olub gedə bilməz, yox olub getməyə haqqı yoxdur. Əgər yox olub gedəcəksə bu işin qalaktikaların toqquşmasından deyil, insan faktorununun nəticəsində baş verəcəyini düşünürəm. Amma mən optimist olmağa çalışıram. Hətta milliard illər bundan sonra baş verəcək bu toqquşmanı müşahidə edən insanlara bir inam yeri qoymaq istəyirəm. Mən onları sevindirmək istəyirəm. Mən onların içinə ümid toxumları səpmək istəyirəm. Mən onlara demək istəyirəm:
«Narahat olmayın, Allahın insanlara vəd etdiyi ən mükəmməl planet olan Cənnət elə Andromeda dumanlığındadır!»
Əlisa müəllim, bu günlər Azərbaycanımız sizin 80 illik yubileyinizi qeyd etməyə hazırlaşır. Siz əfsanələrə dönmüş ömrünüzün zirvəsindəsiniz. Zirvədən hər şey əlçatmaz göründüyü kimi, həm də gözəl görünür. Gözəlliyi sevməyi, onun qayğısına qalmağı dədə-babalarımız bizə tövsiyə edib. Onların dediklərini gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Hə, Əlisa müəllim, sizə bir şer də həsr eləmişəm. Bilirəm, bədii cəhət-zad… bu sözlər həmişə populyar olub, indi də populyardır. Amma Siz böyüklük edib oxuyun. Bilirəm, pessimistlik sizin ən gözəl, ən təsirli silahınızdır. Siz insanları duyğulandırmağı bacarırsınız, bunu çox ustalıqla edirsiniz. Mən isə qocaman bir dağa bir çəngə sərin bulud təklif edirəm. Bəlkə həzin, sərin yağışı yağdı?
Adınız, sənətiniz, istedadınız qarşısında baş əyirəm.
Ruhuma dərd gətirir,
Hər tökülən göz yaşı,
Bir sızlayan görəndə,
Yanır qəlbimin başı,
Dostum, çətin olsa da,
Üzmək axına qarşı,
Sıx dişini dişinə,
Sürünmə dizi üstə…
Ötən günün dalinca,
Boylanma fağir-fağır,
Ümidli sabahlara
Xeyir-bərəkət yağır,
Yer üzündə imanla,
Gəz dolan ağır-ağır,
Heçə hikmət duyarsan,
Eşıtdiyin hər səsdə..
Qəm çəkməklə qəm artar,
Qəm azalmaz, əzizim.
Keçib gedər bu qəm də,
Belə qalmaz, əzizim,
Ömrə mərhəmət olar,
Möhlət olmaz, əzizim,
Tövbə elə-Tanrıdan
Bəxtinə ağ gün istə…
Bakı İyul 2016 P.S. Az qala yadımdan çıxmışdı, mənim də bu il 60 yaşım tamam olur.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу