Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanqlı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaqların olması haqqında məlumatlar da az deyil.
Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan onlarla dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xarəzmşahlar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəkasının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).
Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əsgərovun araşdırmalarına dayanaraq onların adını Türkman yazacağıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.
* * *
Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəblərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televiziya verilişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub saxlaya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi dilimizdə işlətdiyimiz peyğəmbər, mələk, ağıl, mədə… sözlərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qursaq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əksi Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi dilimizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də onların danışığında və yazısında rast gəlmirik. Colan Türkmanlarının danışığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variantları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.
2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma saldı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xadimləri isə yenə də susdu…
Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müxtəlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haqqında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya getmək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türkmanları mövzusunu aktuallaşdırdı. Biz də kitabımızı bir daha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.
Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilərindən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlədilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikinci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türkmanları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənənələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.
İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmənoğlu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haqqında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/saytında yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər internet vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muhtar Fateh Muhammed Hələbdə doğulsa da, hazırda, İzmirdə yaşayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed kendinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.
Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiqləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olmasına baxmayaraq nəinki mənim suallarıma cavab verir, göndərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.
Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soydaşlarının taleyinə biganə qalmaqda suçlayır, yana-yana deyirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuatlarında, radio-televiziyalarında Suriyada döyüşlərin çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.
Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atılmır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xristianların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millətlər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didərgin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çəkmirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz minlərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.
SURİYA TÜRKMANLARININ TARİXİNƏ QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus dedikləri Dəməşq şəhəridir.
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə) 1 1 Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı
, Şiələrə, Sünnilərə, Durzilərə 2 2 Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı
, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21).Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Читать дальше