Neyla özündən asılı olmayaraq dayanıb sanki illərdir görmədiyi yoldaşlarına baxırdı. Onu yanına yaxınlaşan detronun səsi özünə gətirdi.
– Döyüşçü, siz yaxşısız?
Sanki yuxudan ayılan döyüşçü detrona tərəf dönərək:
– Mən özüm başçının yanına gedərəm, müşahidəçiyə ehtiyacım yoxdur. Sən ordakı, – əlini mehmanxananın qarşısındakı varlıqlara uzatdı, – varlıqların kim olduğunu öyrən. Burda nə edirlər və kimdirlər? Yerli əhalidən olmadıqları açıq-aydın bilinir. Lazım olsa, mehmanxana işçilərini də sorğula, bildirərsən ki, mənim göstərişimlə soruşursan.
İnsan detron özlərinə xas salamlamayla əmri təsdiq etdi və mehmanxanaya yönəldi. Neyla isə gözünü varlıqlardan ayıraraq yoluna davam etdi.
Şəhərin küçələri iqamətgaha tərəf daha da genişlənir, ətraf evlər daha da gözəlləşirdi. Sanki şəhərin inşasına mərkəzdən, başçının iqamətgahından başlanıb və getdikcə ətraflara doğru daha həvəssiz inşa edilmişdi. Halbuki, Bartun şəhərinin əsası cənub qapılarının və bir neçə qüllənin inşası ilə başlamışdı. Daş evlərin birini də keçdikdən sonra Neyla artıq başçının evini görəcəkdi. Lakin bu hündür binaların arxasında detron evi və iqamətgah tərəfdən təşviş səs-küyü eşidilirdi. Neyla addımlarını daha cəld ataraq, demək olar, narahatlıqla özünü küçənin başına çatdırdı. Gördüyü mənzərə və xaos onu bir az çaşdırdı. İqamətgahın qarşısında iyirmiyə yaxın detron evinin çıxışında və küçələrdə bir o qədər də detron döyüşçüləri nəyisə müzakirə edirdilər. Neylanın onlara necə yaxınlaşdığını belə hiss eləmədilər. Cənub döyüşçüsü onlara çataraq ucadan qışqırdı:
– Nə baş verir burda?!
Bütün döyüşçülər eyni anda çaşqınlıqla geri dönsə də, Neylanı gördükdə hamısı, demək olar, eyni anda detron salamı verdi. Salamlama əsnasında əllərini önlərində çarpaz tutarkən çıxan səs ağır gurultu səsi çıxardaraq bütün Bartuna dərin səssizlik çökdürdü. Bütün döyüşçülər geri çəkilərək Neylanın iqamətgaha keçməsi üçün koridor yaradanda aralarından daha təcrübəli kabil detron irəli çıxaraq izahat verməyə çalışdı.
– Bizi bağışlayın, hər kəs təlaşlıdır. Yaxşısı budur, siz içəri keçin, başçı sizə vəziyyəti izah eləsin.
Neyla heç nə demədən içəri keçmək üçün addımlayanda daş divarlar arasındakı taxta çərçivəli pəncərədə ona baxan başçı Hetranı gördü. Hetra cənuba yürüşlərdə iştirak etsə də, ona cənub döyüşçüsü titulu verilməmişdi. Çünki o, bu yürüşlərdə sadəcə təbib kimi iştirak etmiş, yaralıların şəfası və şəhərə daşınması ilə mükəlləf olmuşdu. Amma buna baxmayaraq, o, əzəldən şəhərin idarə heyyətində yer aldığı üçün ondan təcrübəli başçı tapmaq olmazdı. Bartunun əsl keşikçisi qoca Hetra idi. Ötən fəsillər onun üzündə qırışlar yaratsa da, belini bükməmiş, əksinə, şəhəri üçün daha da əzmkar olmağı öyrətmişdi. Saçına ağ düşmüşdü, lakin hər kəs ümid edirdi ki, hələ uzun illər Bartunun yıxılmaz dirəyi olaraq qalacaq Hetra. Neyla da ona rəğbət bəsləyirdi. Atasının ölümünü görmüş bu yaşlı başçı həmişə Neylanın qayğısına qalmış, ona atasızlıq hissini az da olsa, unutdurmuşdu. Amma bugün nə isə düz getmirdi Hetra üçün, onun gözlərində narahatlıq hiss olunurdu. Neyla bunu ona yuxarıdan baxan Hetranın üzündəki ciddilikdən başa düşürdü. Cənub döyüşçüsü artıq bir neçə saniyə sonra onun yanında idi.
– Salam, Hetra. Nə baş verir? Aşağıdakı həngamə cənub qapılarından eşidilir.
– Keç, əyləş, qızım. – Hetra əli ilə öz oturacağının qarşısındakı dəri oturacağı göstərdi.
– Səni bu qədər narahat görməmişdim uzun müddətdir.
– Bu gün çapar gəldi Barkovadan, Yüksək icmadan xəbər gətirdi.
Neyla cavab vermədən sadəcə dəri oturacaqda əyləşdi və diqqətlə dinləməyə davam elədi. Hetra isə köksünü ötürərək davam etdi:
– Dirmanın şimalında, Qara dağlara aparan yolda ovçu kəndi yerləşir. Adı Vayzodur. Qara dağlardakı Barkovanın kəşfiyyat dəstələrindən biri bildirib ki, ora hücum hazırlanır.
– Necə yəni hücum?
– Məsələ elə burasındadır…
– Yoxsa qərbdə yenidən quldur dəstələri peyda olub?
– Xeyr, Neyla, bu dəfə məsələ daha ciddidir.
Hetra sanki bir yerdə dayana bilmirdi. Otağın bir küncünə keçir aramla danışır, yenidən digər küncünə qayıdaraq narahatlıq keçirirdi. Əllərini ağ düşmüş saçına apararaq davam etdi:
– Kəşfiyyatçı dəstələr tam əmin deyil, amma bildirirlər ki, Vayzoya tərəf gedən qrados dəstəsidir…
Neyla bunu eşidəndə ayağa qalxdı. Az qalsın yaşlı Hetranın qocalığına görə çaparı düzgün başa düşməməklə hədələyəcəkdi:
– Necə yəni? Bu nə nağıldır danışırlar onlar? Qradosların nəsli tamamilə kəsilib! Onları heç son cənub yürüşlərində belə görməyiblər! Ya sənə çapar nəyisə səhv çatdırıb, ya da…
– Ya da nə? Mən nə danışdığımı bilmirəm?
– Xeyr, Hetra, mən belə demək istəmirdim…
– Mən səni başa düşürəm. Amma bunlar gerçək ola bilər. İki fəsil əvvəl Barkovanın şimalında, Qara dağların ətəyində Livas adlı kiçik bir kəndə hücum olmuşdu. Kəndin əhalisi yaxınlıqdakı göldən balıqçılıq edərək yaşadığı üçün kənddə nə ovçu, nə də döyüşçü yaşayırdı. Onları sadəcə Qara dağların ətəyindəki meşəyə aparan yolda, kənddən bir neçə vilron aralı detron qülləsi qoruyurdu. Şimal soyuq olduğu üçün üç, bəzən də dört detron gözətçilik edirdi əraziyə. İki qış əvvəl gecə kəndə basqın olmuş, sübh tezdən dört kəndlinin parçalanmış ölü bədənləri tapılmışdı daxmalarında. Hər kəs bunu şimalın yırtıcı varlıqları tərəfindən hücum olaraq qəbul etdi. Lakin Yüksək icma bununla razı deyildi…
Hetra artıq yorulmuş kimi Neylanın önündəki oturacağa əyləşərək əli ilə digər oturacağı göstərərək gənc döyüşçüdən də oturmasını xahiş etdi. Neyla oturduqdan sonra davam etdi:
– Bu hadisə hər kəs üçün vəhşi hücumu olaraq tarixə keçdi. Bütün kənd əhalisi də bununla razılaşdı. Lakin ən dəhşətlisi bu deyildi. Livasın şimalındakı qüllədəki detronlar həmən gecə yoxa çıxdılar.
Neylanın üzündəki ifadə dəyişmişdi artıq. O, sanki artıq nələrin baş verdiyini bilirmiş kimi başını astaca sağa-sola yelləyərək dedi:
– Həmən gecə neçə detron qüllədə idi?
– Dört…
– Deməli, dört detron bir gecədə yoxa çıxıb? Şimala göndərilən detronların daha təcrübəli olduqlarını nəzərə alsaq, belə çıxır ki, onlara hər hansı vəhşi heyvan və ya bir neçə varlıq qalib gələ bilməzdi.
– Elədir ki, var. Buna görə Yüksək icmanın qərarı ilə yeni detron və qərb ovçularından dəstə yaradıldı. Hamısı təcrübəli və ağır döyüşlərdə iştirak etmiş dəstə üzvlərinin arasında hətta Barkovadan cənub döyüşçüsü də yer alırdı. Lakin onların kimlikləri hər kəsdən gizlədilirdi. Bunun səbəbi qarşılaşacaqları müsibətlərin gizli qalması və əhalini təşvişə salmaması üçün əlavə sualların yaranmaması idi.
– Sonra? – Neyla səbirsizliklə soruşdu.
– Dəstə şimala irəlilədi. Qara dağlara üç gecəlik səyahət oldu və geri döndülər. Amma o qaranlıq və günəş üzü görməyən qarlı dağlarda nə tapdıqlarını Yüksək icma gizli saxladı. Lakin nə tapmışdılarsa, çox əhəmiyyətli olduğunu hər kəs bilirdi.
Читать дальше