Taxtın başlığından xəz asılan divara qədər bütün yeri böyük qədimi sekreter tuturdu. Anam bəzən onun içindən tünd rəngli ağacdan hazırlanmış, təlimatlı, çox ağır musiqili mücrünü çıxarırdı. O, bir neçə qəmli, sakit pyes səsləndirirdi. Musiqinin səslənmə mexanizmi tamamilə aydın olsa da, mücrü sirli və sehrli olaraq qalırdı. Musiqili mücrüdən başqa anamın şarmankaçıdan alınmış əsl köhnə şarmankası da vardı. Anam da, atam da, onların gənc dostları da həvəslə şarmankanın dəstəyini fırladırdılar.
Mənzilin ikinci mərtəbəsinə çıxmaqdan ötrü bütün yolu alaqaranlıq dəhlizdən yemək otağına, oradan ön otağa geri qayıtmaq, o biri dəhlizə çatanda çox hündür və dik pilləkənlərlə yuxarı qalxmaq lazım olurdu. Pilləkənlər pəncərələrdən yaxşıca işıqlanan balaca meydançaya çıxırdı. Ora mənə girməyə qadağan edilmiş böyük mətbəxin, vanna otağının, anbarın və ayaqyolunun qapısı açılırdı. Daha bir – sonuncu dəhlizsə balaca otağın (ora ancaq üstü heç nəylə örtülməmiş çarpayı döşəyi, masa, oturacaq və dolab yerləşirdi) yanından keçib atamın böyük, amma çox da işıqlı olmayan otağına aparırdı. Mən bura nadir hallarda gəlirdim. Uşaq otağından rahatca anamın otağına və ya yemək otağına keçmək olurdu. Bura gəlmək üçünsə pilləkənləri aşıb bağlı mətbəxi keçmək lazım idi. Ümumiyyətlə, bu, əməlli-başlı səyahət idi. Buna ancaq xüsusi dəvətim olanda ürəklənirdim.
Atamın otağında taxt qapıdan sol tərəfdəki divara söykədilmişdi. Pəncərədən solda yazı masası, küncdə sakinləri “Albert” və “Mariya” peçenyeləri və holland qız şəkilli dəmir qabda qəhvə olan dairəvi bufet vardı. Bunun O.E.Mandelştamla xatirəsi var. Amma bu barədə daha sonra!
Atamın otağında qonaq olanda məni dairəvi masanın arxasına otuzdurub peçenyəyə “qonaq edirdilər”. Bu “qonaqlıq” uşaq otağında daha dadsız olduğuna görə burada onu məmnuniyyətlə, hətta təntənəli surətdə yeyirdim. Burada Pasxa bayramlarından birində mənə əsl oyuncaq Sergiyev monastrını – bir qutu çəhrayı kilsə və evciklər hədiyyə etdilər. Ona qədər mənim ancaq kubiklərim vardı. Yadımdadır ki, formasını dəyişə bildiyim oyuncaq şəhərciyi görüb heyran qalmışdım. Bu monastır məndə xaricə gedənə qədər qaldı. Gedəndəsə anam oyuncağı Saşa Koqana hədiyyə etməyimi istədi. O, elə bilirdi ki, Saşa A.Blokun (Bloksa Pyotr Semenoviçin həyat yoldaşıyla əylənirdi) oğludur. Mən xəsis deyildim, həmişə oyuncaqlarımı ona-buna rahatca hədiyyə edə bilirdim. Amma monastırımı verdiyimə görə sonralar çox heyifsiləndim. Hələ üstəlik, sən demə, Saşa elə öz qanuni atasının oğlu imiş…
Bizim Borisoqlebsdəki mənzilimizdə xatirələrim musiqi mücrüsünün valına, o otaqlarda baş verən bir çox hadisələrə toxunub gəzişəcək. Amma atamın otağının yanındakı balaca otaqla bağlı ancaq üç erkən xatirəm var. Və mən bir daha onlara qayıtmamaq üçün hamısını sizə danışacağam.
Bibim Verayla zolaqlı döşəyi olan istifadəsiz çarpayıda oturub söhbət edirdik. Vera soruşdu:
– Sən məni sevirsən?
– Dəhşət sevirəm, – cavab verdim.
– “Dəhşət sevirəm” demirlər, – Vera düzəliş etdi, – dəhşət çox pis deməkdir, sevməksə pis olmaz. “Çox sevirəm” demək lazımdır!
Mən inadla:
– Dəhşət sevirəm! – dedim.
– Yox! – Vera etiraz etdi.
– Dəşhət-t-t-t-t sevirəm, – bu dəfə hikkəylə təkrarladım.
Anam içəri girdi. Üstünə atıldım:
– Ana, Vera deyir ki, dəhşətli sevmək olmaz, “dəhşət sevirəm” demək olmaz, ancaq “çox sevirəm” demək olar!
Anam məni qucağına götürdü:
– Olar, Aleçka, olar! Dəhşətli sevmək, adicə sevməkdən və ya çox sevməkdən daha yaxşı, daha çoxdur!
Fısıldayırdı, deməli, Veraya acığı tutmuşdu.
Bu döşək niyə yadımda qalıb? Çünki bir dəfə üstündə konfet tapmışdım! Həmin gün məndən, bir də döşəkdən başqa otaqda kimsə yox idi, deməli, möcüzənin səbəbkarı döşəkdi, deməli, hər bir döşəkdə konfet olur! Və dayəmin təəccübünə səbəb olsa da, mən dəfələrlə otağımdakı yorğan-döşəyi eşələyirdim. Heç nə tapmayıb hirslənirdim. Tapdığım konfet mənim sirrim idi, bu haqda heç anama da deməmişdim. Bəlkə də, elə bu səbəbdən bir daha heç vaxt tapmadım.
Üçüncü xatirəm – balaca otaqda masanın arxasında “ev dərzisi” adlanan gənc, qırmızıyanaq, cazibədar qadın əyləşmişdi. Əl maşınıyla döşək üzlərinin qırağını basdıran dərzi anama danışırdı ki, gəncliyində yuxuya gedib, ayıla bilməyib. Həkimin gəlib onun öldüyünü deməsini, anasının ağlamasını eşidib, tabuta qoyulmağını hiss edib, amma ayıla bilməyib.
– Letargiya yuxusu! – Dedi anam. – Sizi axı diri-diri dəfn edə bilərdilər!
Mən dəhşət içində donub qaldım – dəfn etmək torpağa basdırmaq deməkdir! Sapsağlam yuxuda olan ev dərzisini torpağa basdırmaq!
– Bəs sonra nə oldu? – titrəyə-titrəyə soruşdum.
Anam yanında olduğumun indi fərqinə vardı:
– Bu nağıl sənin üçün deyil! – deyib məni otaqdan çıxardı.
– Marinoçka, onu diri-diri basdırmışdılar?
– Yox, əlbəttə ki, o oyanıb və gördüyün kimi oturub burada tikir…
– Marinoçka, bəs tabutu neylədilər?
– Bilmirəm, – dedi anam. – Yəqin, kiməsə hədiyyə ediblər.
Mən sakitləşdim. Tabut və dəfnin nə olduğunu yaxşı bilirəm. Bizdə qısamüddətli çalışan, oğlu cəbhədə olan dayəm tez-tez gəzinti adıyla məni kilsəyə dəfn mərasimlərinə aparırdı. Əslində, bu, gəzintidən maraqlıydı. Çünki İt meydançası həmişə eyni cür, kilsədəki ölülərsə müxtəlif idi. Bununla yanaşı, onlar mənim üçün kilsə ləvazimatı kimi bir şeydi, elə onun kimi anlaşılmaz, amma görünür, kilsəyçün lazımlı bir şeydi! Həmişə bu əyləncəm haqqında anama danışmaq istəyirdim, lakin uşaq yaddaşı qısa olur, geri dönəndə mən hər şeyi unudurdum. Unutmayıb danışdığım o bircə dəfəsə dayəmçün bədbəxt gün oldu. Anam dərhal onunla vidalaşdı…
Mənzilimizdə otaq sayı qədər dünya vardı. Onlar arasındakı sərhədi öz istəklərinə görə yalnız böyüklər adlaya bilirdilər. Bu dünyalar məndən çoxsaylı “olmaz”larla uzaq saxlanılırdı. Və bu qadağalardan birincisi böyüklərin həyatına soxulmamaq idi. Lakin mənə oralara girməyə icazə veriləndə belə “olmaz”lar məni rahat buraxmır, sanki izləyirdi. Bəzi günlərdə məni ümumi masa arxasında otuzdururdular. Böyüklər – onlar heç də az deyildilər. Bizim dairəvi masa arxasında toplaşıb söhbət, mübahisə edir, gülürdülər. Hərəkətləri sərbəst, səsləri gur gəlirdi. Onların boşqablarında nəsə xüsusi yemək olurdu. Şərabı gözəl badələrdə bir-birinə vururdular. Mənsə zəhləmgetmiş ispanağı və ya süddən göyərmiş qarabaşaq sıyığını yeməyə məcbur idim. Böyüklərin sözünü kəsmək, onların söhbətinə qarışmaq, ayaqlarımı yelləmək və ya pudel Ceki sığallamaq üçün əlimi masanın aşağısına sallamaq qadağan idi. Adətən, masa arxasında danışığım “təşəkkür edirəm” və “buyurun” sözlərindən ibarət olurdu. Bu cür vəziyyət məni heç də sıxmırdı, üzmürdü. Uşaq otağında dayəmlə kobud danışmaq, qaçmaq, əylənmək azadlığına çatsam da, bu azadlıq, bu sərbəstlik mənə zərrə qədər də maraqlı gəlmirdi: böyüklərin həyatı həddindən artıq cazibədar idi. Və ona çatmaqdan ötrü mən başdan-ayağa “yaxşı davranış” qaydaları donuna girməyə hazır idim. “Yaxşı davranış”a anam nəzarət edirdi. Özünü pis aparan qız onun otağına girməyi ağlının ucundan belə keçirməməlidir.
Читать дальше