Süzülür qədəhə şərbətim, balım.
Elimin, obamın qadasın alım,
Buraxın yurdumla baş – başa məni.
Gəldi üstümüzə bəla hər yandan,
Namərdəm, keçməsəm bir qaşıq qandan…
Əgər əsirgəsəm canımı ondan,
Bənzədin çöllərdə bir daşa məni
23.04.2019
Könül, qəm eləmə, bitər bu çilə,
Yazın bir ucunu qışa çəkərlər.
Gah yağar, gah əsər, gah da gün çıxar,
Günəşi buludla qoşa çəkərlər.
Gəzdim ana yurdu ev – ev, kəndbəkənd,
Tanıdım hamını, yerindədir zənd…
Çox sözə – söhbətə heç olmadım bənd,
Naşıdır desələr, huşa çəkərlər.
Dünyanın işindən olmasan halı,
Qınama dostları, eli, mahalı.
Gün gələr süzülər sözünün balı,
Səni də hörmətlə başa çəkərlər.
Ay Vahid, səfərə hazır ol hər an,
Bir gün gedəsidir hər doğulan can.
Zaman var-yoxunu etsə də talan,
Şəklini bahalı daşa çəkərlər.
24.04.2019
Ədalət Bədİrxanlıya həsr olunur
Ədalət Bədirxanlı
Ey könül saz elə ruhunu yazla,
Könül dünyamıza şöhrət, şan gəlir.
Oxu bülbül kimi şirin avazla,
Dost ilə görüşə ulu can gəlir.
Yerdədi, göydədi xəyalın ustad?
Hər sözün dad verir, – şəkər kimi dad.
Ovunu bərədən qaçırma, səyyad,
Gecə sona çatır, qızıl dan gəlir.
Vahid, yenə qurdun irfan məclisi,
Yanar, ürəklərin çıxar istisi…
Bu dadlı məclisin ən həvəslisi, —
Sərrafı Ədalət Bədirxan gəlir!
Çəkİləydİ zirvələrİn dumanı
Səhər – səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…
Könlüm sənə həsrət qaldı, Nüvədim,
Xəyal üçür yetim qalan bağlara.
Çəkiləydi zirvələrdən dumanın,
Kaş dönəydik o bəxtəvər çağlara.
Araz boyu, bahar gülən bir ayda,
Millətimiz o tayda, həm bu tayda…
Sevinəydi aman Allah, bu çay da,
Baxıb, baxıb hələ canı sağlara.
Vahid, sözün ürəkləri dağladı,
Zəhər oldu ağzımızın bal dadı.
Allı-güllü Nüvədimiz dardadı.
Aman bahar, gəlmə bizsiz dağlara…
27.04.2019
Səndən xəbər gəldi, xəbərin olsun,
Dedilər, hələ də şaxlığın qalıb!
Bir az gözəlliyin, bir az təpərin,
Bir az da şənliyin, şuxluğun qalıb!
Hər səhər durursan Günəşdən qabaq,
Çörək bişirirsən dolu bir tabaq…
Baxışın od saçır, duruşun qıvraq,
Qırğı tək yerişin, şıxlığın qalıb.
Gəldi qulağıma mülayim bir səs,
Ürək o ürəkdi, həvəs o həvəs…
Bilmirsən, biz niyə bir olmadıq bəs?
İçimdə ünvansız yoxluğun qalıb!
28.04.2019
Keçdi ömrüm – günüm həsrət içində,
Həsrəti duymağa zaman olmadı.
Uçdu xəyalımda ağ qağayılar,
Yelkən tək əlimə qonan olmadı.
Dəlilər qəhr edər aqil düşmanı…
Ən böyük rəqibim yel dəyirmanı.
Baxdım, Don Kixotlar tutub dünyanı,
Dərdini, sərini qanan olmadı.
Dinim İslam dini, əqidəm Tohid,
Eşqimə Yer şahid, ulduzlar şahid…
Hamının halına yandım da, Vahid,
Heç mənim halıma yanan olmadı
30.04.2019
Ağ bulud dolanır göyün üzündə,
Yaşıl çəmənlərə xəfif şeh düşür.
İncilər süzülür ağ bənizindən,
Əllər daraq olur, dildən eh düşür.
Axşamdan sabaha doğur arzular,
Nəğmə tək ürəyə yağır arzular…
Zülməti nur ilə boğur arzular,
Səhərin boynuna həzin meh düşür.
Vahidəm, aşıqin sayarsan məni,
Səsimdən, sədamdan duyarsan məni…
Öpüb, gözün üstə qoyarsan məni,
Vallah, bu sevgiyə belə beh düşür!
30.04.2019
Ay aşıq, mollaya çox vermə fikir
Bunu Vahid sənə lap çoxdan deyir.
Molla da aşığa toxunmur daha,
Ona nə, ya vardan, ya yoxdan deyir.
Ədəbdə, ərkanda çıxarsan ad – san,
Səsinə, sözünə el olar heyran.
Amma aşıq da var, danışır hədyan,
Danadan, keçidən, toyuqdan deyir.
Bilirəm, yönümüz qışa sarıdır,
Odun yox, qaz gəlmir, ömür yarıdır…
Vahid də ustadır, söz xirdarıdır
Dilini saxlamır, bayaqdan deyir
01.05.2019
Məhərrəm əmi
Çəmənlinin ağsaqqalı Məhərrəm kişinin xatirəsinə…
«Ata ocağına canımız qurban!»
Bunu Ramiz dedi, Məhərrəm kişi.
Nizami yurdunda yandırır çıraq,
Bilir, çıraq nədi, Məhərrəm kişi.
Keçdiyin yollarda qalıbdır izin,
Dillərdə əzbərdir çox kəlmən, sözün…
El – oba yanında ağ oldu üzün,
Tutdun hər bir vədi, Məhərrəm kişi.
Haqqı danışmağı elədin peşə
Qoymadın adına bir kölgə düşə…
Öz səsin, öz sözün oldu həmişə,
Səsin də gur idi, Məhərrəm kişi.
Çox fitnə – fəsadlar olsa da eldə,
Gileyi – güzarı qalmadı dildə…
Yerin var, yurdun var neçə könüldə,
Olacaq əbədi, Məhərrəm kişi!
Yaşadın mərdanə, illəri yordun,
Əlinlə ev tikdin, yurd yeri qurdun…
Çox şükür, gözəldi, abaddı yurdun,
Vahidə məbəddi, Məhərrəm kişi.
03.05.2019
Söhrab Tahir
4 may unudulmaz şairimiz Söhrab Tahirin xatirə günüdür. Bu kədərli gündə şairimizlə bağlı bir xatirəmi
bölüşmək istəyirəm.
1969 – ci ilin qış ayları idi. Onda mən 7 – ci sinifdə oxuyurdum. Dərsin qızğın çağında, o zaman məktəbimizin direktor müavini olan Kamil müəllim dalımca uşaq göndərib, məni müəllimlər otağına çağırdı. Mən müəllimlər otağına daxıl olanda dostum, 7 «B» sinfində oxuyan Əliyev Allahverəni də orada gördüm.
Kamil müəllim bizə bildirdi ki, saat 2 – də kəndimizin klubunda Məmməd Araz və Söhrab Tahirlə görüş olacaq. Bu görüşdə siz də iştirak edəcəksiniz. Ona görə də sizə şairlərin bir şerini əzbərləmək tapşırılır.
Kamil müəllim şairlərin şerlərini bizə təqdim edib, dərsdən azad etdi.
Məktəbimizin gözəl bir bağı vardı. Allahverənlə şerləri əzbərləmək üçün həmin bağa getdik. Çox maraqlıdır, mən də, Allahverən də hər iki unudulmaz şairlərin şerlərini əzbərlədik.
Читать дальше