Universitet illərində (1924-1929) Şəhriyarın bir sıra şeirləri Tehran mətbuatının səhifələrində çap edilir. İlk mətbu şeiri isə Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuyarkən burada nəşr edilən “Ədəb” jurnalında dərc olunur. “Ərməğan” jurnalının redaktoru Vahid Dəstgirdi də onun şeirlərini öz dərgisində ardıcıl çap edir.
Lakin universitetin son kursunu bitirib ixtisaslaşmış hərbi həkim diplomu almasına iki-üç ay qalmış gənc Şəhriyarın həyatında ən ağır bir hadisə baş verir. Şair illərlə sevdiyi Pəridən-Sürəyyadan (O, Sürəyyanı Pəri də çağırırdı) ayrılmağa və universiteti tərk etməyə məcbur edilir. Buna baxmayaraq, 1929-cu il 24 yaşlı gənc şairə böyük uğur da gətirmişdi. Dostları: L.Zahidi, İ.Mirzə, M.Bahar və başqalarının təkidi ilə “Xəyyam” nəşriyyatında şairlər şairi adlandırılan Məlik üş-şüara Bahar, Pejman Bəxtiyari və professor Səid Nəfisinin ön sözü ilə ilk şeirlər kitabı – “Divança”sı nəşr olunur. Kitabının çap edilməsi, İran ədəbi ictimaiyyəti tərəfindən yüksək səviyyədə təqdir olunması və bəyənilməsi onu yazıb-yaratmağa daha da ruhlandırır.
Bəzi tədqiqatçılar Şəhriyarın təhsilini yarımçıq qoyub universiteti tərk etməsinin səbəbini dəlicəsinə sevdiyi Sürəyya ilə bağlayırlar. Belə ki, Rza şah Pəhləvinin qohumu Çıraqəli xan da Sürəyyanı sevmiş və Şəhriyarın öz yolunun üstündə maneə olacağını düşünərək çıxış yolunu onu Tehrandan uzaqlaşdırmaqda görmüşdü. Nəticədə, başı bəlalı şair Xorasan vilayətinə – Nişapura sürgün olunmuşdu. Lakin sürgün aktı məhz gənc şairin getdikcə artan şöhrətindən, sözükeçərliyindən ehtiyatlanaraq onu, həm də Tehran ictimai-siyasi və ədəbi mühitindən uzaqlaşdırmaq məqsədi ilə gerçəkləşdirilmişdi.
Bu fakt Əhməd Kaviyanpurun monoqrafiyasında da yer alıb:
“Ağa-ye Bəhruz Siyahpuş Şəhriyarın ona söylədiklərinə əsasən yazır ki, ustad 1929-cu ildə Tehran Universitetinin V kursunda buraxılış imtahanları zamanı Abbasabad məhəlləsindəki (indiki 501 saylı xəstəxana) “Sipəh” xəstəxanasında təcrübə keçirmiş. Ustad deyirdi ki, bir gün məni xəstəxananın müdiri – baş həkim çağırtdırdı. İçəri girdikdə rəisin otağında bir sərqud – minbaşının məni gözlədiyini gördüm. Rəis narahat idi. Minbaşı-mayor dedi ki, səninlə işimiz var və məni Dəjban həbsxanasına apardılar. Əbdülhüseyn Teymurtaş (Rza şahın vəziri – E.Ş.) həbsxanadakı məmurlara deyibmiş ki, məni orada öldürsünlər. Pəri-Sürəyyanın anası onların məni həbs etdiyini bildikdə, üz-gözünü cırır, çox ağlayıb-sıtqayır. Teymurtaşa yalvarır ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə öldürmərəm, Tehrandan çıxıb getsin. Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın Sovetlər birliyinin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi, hər şeydən xəbərdardı. Şahın vəziri olan bu cəllad qumarbaz və şəhvət düşkünü idi. Sərxoş olduğu zamanlar heç bir qadın onun əlindən qurtula bilməzdi. Məqsədinə çatmaq üçün hər vasitəyə əl atardı. 1933-cü ildə rüşvət aldığına görə günahlandırılır. Açıq məhkəmə, divan quruldu. Əfv olunması üçün elə də canfəşanlıq etmədi, bir-iki dəfə ağladı, ancaq bir köməyi olmadı, zindana salındı. 1934-cü ildə Tehranda Qəsr zindanında zəhərlənib öldürüldü. Onun faciəli ölümünü infarktdan olubmuş kimi qələmə verdilər. Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Dedi ki, onu mənim cəddim öldürdü. Bəxti gətirməmişdi, eybəcər arvadı yüksək cəmiyyət məclislərinə çıxası halda deyildi. Məqam sahibi oldu, vəzifə tutdu, mənim sevgilimə göz yetirdi, sonu da belə oldu” 3.
Burada sürgün faktına nisbətən geniş yer verməyimiz təsadüfi deyil. Çünki bəzi tədqiqatçılar Şəhriyarın şah üsul-i idarəsi tərəfindən sürgün edilməsi faktını danır, bu hadisəni müxtəlif səbəblərlə bağlayırlar. Ancaq bu, bir həqiqətdir ki, şairi Tehrandan, ictimai-siyasi mühitdən, dövrün mütərəqqi ziyalılarından ayırmaq, uzaqlaşdırmaqla gələcəkdə baş verə biləcək xalq hərəkatının təkanverici qüvvələrindən birini aradan götürmək məqsədi güdən hakim dairələr Sürəyya – Pəri kartından istifadə etmişlər. Çünki söylənilənlərə görə, gənc Şəhriyar Qaçar sülaləsinin devrilməsi, istibdad rejimi əleyhinə kütləvi iğtişaşlarda iştirak etmiş, hətta ölümdən qurtulmuşdur. Mirzadə Eşqi kimi mütərəqqi arzularla, azadlıq idealları ilə yaşayan ziyalını qətlə yetirən, alovlu nitqini kəsmək üçün Fərruxi Yəzdinin dodaqlarını tikdirən bu rejim, müstəbidlər səltənəti Şəhriyar kimi azadlıq mücahidlərinə rəğbət bəsləyərək əsərlərində onları həvəslə vəsf edən, misralarından od-alov saçılan gənc şairin də qapısını döyməli, “təmizləmə kampaniyası” həyata keçirilməli idi. Şairin ürək və qələm dostu Lütfulla Zahidi xatirələrində yazır: “Şəhriyar bir neçə dəfə ölümdən qurtulmuşdu. Bunlardan biri Qacarlar sülaləsinin məhv olunması qərarı ilə əlaqədar baş vermişdi. O zaman Şəhriyar 17 yaşlı bir gənc idi. Başına əmmamə qoyar, səliqəli geyinər, gecə-gündüz dünya ədəbiyyatının ən nadir incilərini mütaliə edərdi. O həmin vaxtda müxalifət hərəkatını, xalqın etiraz dalğalarını ölkənin xeyrinə olan bir iş kimi qiymətləndirərək bir dəstə etirazçı ilə bazar meydanında mitinq keçirmək və nitq söyləməklə məşğul idi. Amma onun xəbəri yoxdu ki, o zaman hökumətin tərəfdarı olan bazar əhli bu dəyişikliklərə müxalifdir və bir dəstə adamı pulla satın alıb mitinq keçirənlərin əleyhinə meydana daxil ediblər. Onlar Şəhriyarı və tərəfdarlarını əhatəyə alır və öldürmək məqsədilə döyməyə başlayırlar. Elə bu vaxt Şəhriyar görür ki, bir nəfər onu mitinq iştirakçıları arasından quş kimi götürüb Seyid İmamzadəsinə aparır. Həmin şəxs vəziyyətdən onu hali edir və deyir:
– Seyid, bu həngamənin səninlə nə əlaqəsi var? Get, öz işinlə məşğul ol.
Özünü hay-küyün içərisindən xilas olmuş görən Şəhriyar bazarın damına çıxır və onun tağları arasından görür ki, məslək dostları və mitinq iştirakçısı olan həmkarları müxalifətin dəyənək və bıçaqları altında məhv olmaq üzrədir. Sonralar ona məlum olur ki, mitinqçilərdən yalnız o, salamat qurtulub” 4.
Nişapurda dostlarından, vətənindən uzaq əzab-əziyyətli həyat yaşamağa məhkum edilən şair keçmişi, ötən günlərini tez-tez xatırlayır, həzin xatirələrlə zəngin Tehranı unuda bilmir. Notariat kontorunda mühasib-hesabdar işləməyə başlayan şair “Tehranı yad edərkən” şeirini yazmaqla təsəlli tapır. Daha sonra isə “Nişapurda” və “Nişapurda günəş batarkən” məsnəvilərini, “Şairin evlənməsi” qissəsini qələmə alır. Az keçmədən Şəhriyar Nişapurdan Məşhəd şəhərinə köçürülür, burada Mirzə Rzaxan Əqili, Mahmud Fərroxi, Gülşəni Azadi kimi tanınmış ədəbi simalarla tanış olur, Xorasan ədəbi məclislərində – “Məktəb-e Şahur”da, həmçinin Ə.Firdovsinin 1000 illik yubiley tədbirlərində iştirak edir.
1934-cü ildə Şəhriyarın atası Mirağa Xoşginabi vəfat edir. Lakin sərt sürgün qaydaları oğulun atasının dəfn mərasimində iştirak etməsinə imkan vermir. Xorasandan çıxması yasaqlanmış Şəhriyarın Təbrizə getməyə ixtiyarı yox idi. Şair atasının ölümündən doğan üzüntüsünü, kədərli duyğularını “Atamın matəmində” adlı qitəsində ifadə edir. 1936-ci ildə M.Şəhriyar sürgündən Tehrana qayıdır. M.Baharın müqəddiməsilə “Divan”ı yenidən çap olunur və H.İ.Əmirxizinin köməyi sayəsində “Fəlahət” adlı Kənd təsərrüfatı bankında mühasib işləməyə başlayır. Atasının vəfatından sonra başsız qalan ailəsini də Tehrana, öz yanına köçürür. Lakin maddi sıxıntı çəkir, aldığı əməkhaqqı ilə böyük ailənin ən adi tələbatını belə çətinliklə ödəyə bilir. Cansıxıcı hesabdarlıq işi, bütün günü sayğacla əlləşmək onun həssas qəlbini incidir, şair xəyalını, sanki qəfəsə məhkum edirdi. Sonralar qələmə aldığı “Şeir və hikmət” məsnəvisində bu durumunu belə poetikləşdirdi:
Читать дальше