− Müvəffəqiyyət! Müvəffəqiyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakimdə də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi:
Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi.
Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə Əmir İnanca və Gəncə xətibinə qarşı bir hörmətsizlik kimi nümayiş edildi. Meydanda yığılan xalq bu barədə danışmağa və pıçıldaşmağa başladı.
Məscidin qapısında Əmir və onun əyanları üçün yəhərlənmiş atlar saxlandığı kimi xətibin müridləridə ağ ulaqları hazır saxlamışdılar. Xətiblə Əmir məsciddən meydana çıxdıqları zaman yenə də pıçıldaşmaqda davam edirdilər.
Əmir xətibə olan hörmətini meydanda yığılan əhaliyə göstərmək üçün uzunqulağın üzəngisindən tutub xətibi mindirdi, sonra isə özü atına minib yola düşdü. Əmiri atlı nökərlər, əyanlar, xətibi isə yüzlərcə müridləri piyada olaraq müşayiət edirdi. Küçələr “Yol ver, çəkil! Başını əy!” səsləri ilə dolmuşdu.
Əmir İnanc Gəncə xətibini və Gəncənin əyanlarını Atabəy Məhəmmədin qələbə bayramı şərəfinə düzəlmiş ziyafətə dəvət etmişdi. Buna görə də şəhərin əyanları və xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər. Təntənə ilə keçən bu dəstə hökumət sarayına getmək üçün yaxın bir yol seçməyə məcbur idi. Onlar Xərabat 1küçəsinin tinindən keçərək Əlmənsur 2küçəsi ilə başıyuxarı qalxmalı idi.
Dəstələr birdən-birə dayandı. Keçməyə yol yox idi. Pir Osman 3küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir və başqa küçələrdən gəlib keçmək istəyənlərə yol vermirdi.
Əmir atının, Gəncə xətibi isə uzunqulağının cilovunu çəkib dayandı. Minlərcə əhalinin heç birindən səs çıxmırdı. Pəncərədən eşidilən incə nəğmələr, musiqi səsləri kütlələri özünə cəlb etmişdi. Oxunan rübailərin hər bir kəlməsini və çalınan udun naləsini eşitmək mümkün idi.
Əmir və xətib dayanıb durmuşdular. Onlar qadın barmaqlarında inləyən pərdələrdən, qadın dodaqlarından çıxan misralardan ayrılıb gedə bilmirdilər. Onlar da xalqa qoşulub mənliyini itirmişdilər; onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar.
Əmir və xətibin dəstəsi dayandığı zaman köşkün pəncərəsindən belə bir mahnı ətrafa yayıldı.
“Gər mülki tö Misr, Rum, Çin xahəd bud
Afaq türa ziru nikin xahəd bud.
Xoş baş ki, aqibət nəsibi mənu tü,
Yek gəz kəfən, se gəz zəmin xahəd bud”. 4
Pəncərədən eşidilən bu rübai küçədə duranlar tərəfindən böyük bir maraqla qarşılandı. Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı. Səs-küy ucaldı və dəstələrin hamısından: “Bir daha! Bir daha!” sözləri eşidildi.
Əmir İnanc Hüsaməddinə 5sual verdi:
− Bu ev kimin evidir?
Hüsaməddin baş endirib:
− Bu ev məşhur şairə Məhsəti xanımındır,– dedi.
− Oxuyan kimdir?
– Oxuyan Məhsəti xanımın özüdür. Musiqi və nəğmə müəlliməsidir. Bir ay əvvəl cənab xətibin şikayət etdiyi əxlaqsız qadındır. Xalqın qızları bunun yanına gəlib musiqi və nəğmə dərsi oxuyurlar.
Hüsaməddinlə Əmir İnancın söhbəti bitməmiş pəncərədən daha bir musiqi nəğməsi eşidildi:
“Yek dəst bə mushəfəm, yek dəst bə cam,
Gəh nəzdü həlaləmü, gəhi nəzdü həram.
Maim dər in günbədü nə püxtə, nə xam,
Nə kafəru mütləq, nə müsəlmanü təmam”. 6
Bu rübai eşidildikdən sonra iki səs ucadan:
− Əhsən, yüz əhsən! – dedi.
Bunlardan birisi Fəxrəddin, o birisi isə İlyas idi.
Dəstələrin içərisində də gurultu eşidilirdi. “Yaşa, yaşa!” səsləri bir-birini təqib edirdi.
Xətib uzunqulağın başını çevirib Əmir İnanca yanaşdı və dedi:
− Kafirdir, ədəbsizdir! Bunu Gəncə xalqının başından rədd etmək lazımdır.
Bu anda Məhsəti xanım da “yaşa, yaşa”! – qışqıranlara razılıq vermək üçün başını pəncərədən eşiyə çıxartdı. Onun ixtiyarlaşmağa başının ağarmağa başlamış saçları, gülümsər və təbəssümlü gözləri, minlərcə rübainin xəzinəsi sayılan sinəsi görünərkən xətibin müridləri belə gözlərinin pəncərəyə dirəyib böyük şairə və müəlliməyə baxmağa başladılar. Xətib bu vəziyyəti görüncə müridlərinə əmr verdi:
– Daşa basın dağıdın bu fisq-fücurun yuvasını!
Pəncərə örtüldü, sanki bir günəş buludun altına çəkildi. Musiqi və rübai səslərini pəncərəyə və divarlara toxunan daşlar əvəz etdi. Lakin xalq dəstələri xətibin və Gəncə hakiminin bu kimi vəhşiliyinə qarşı öz nifrətini gizlədə bilmədi. Xətibin müridlərinə hücum etdilər. Onları döyüb Məhsəti xanımın qapısından kənara atdılar. Xətibin müridlərindən bir çoxu ölmüş və yaralanmışdı. Xətibin özü isə Əmir İnancın sarayında gizlənməklə yaxasını xalqın intiqamından qurtara bilmişdi…
Üç gün sonra İlyasla Fəxrəddin Pir Osman məhəlləsində görüşdülər. Fəxrəddin birinci növbədə İlyasın əlini sıxaraq sevincli bir səslə dedi:
− Biz düşünən kimi oldu. Kütlələr Əmir İnanca qarşı hörmət bəsləmirlər. İndi başqa bir məsələ də vardır.
− Nə kimi məsələ? – deyə İlyas soruşdu.
− Atabəyin təzə səfərbərliyinə əngəl törətmək məsələsi.
− Bu yalnız Gəncənin işi deyil, buna bütün Azərbaycanı hazırlamaq lazımdır. Sən getməsən də, Atabəy Cənubi Azərbaycanı səfərbərliyə ala bilər.
Fəxrəddin etiraz edərək dedi:
− Fikrinizlə şərik deyiləm. Rəhbərlik daima Şimali Azərbaycanın vəzifəsi olmuşdur. Paytaxt Həmədanda olduğu üçün Atabəy hökuməti zülmlərinin bütün ağırlığı Cənubi Azərbaycanın zərinə düşür. Biz onlara rəhbərlik etmiş olsaq, onlar üsyana tez qoşula bilərlər. Buna görə də şimalda başlanmış üsyanın xəbərini Cənubi Azərbaycana yaymaq lazımdır. Üsyan etmək üçün bu gündən sərfəli gün əlimizə düşməyəcək.
İlyas bir az düşünərək dedi:
− Doğru deyirsən. Lakin üsyan əsaslı və siyasi bir məqsəd daşımadıqca, xalqı vaxt ikən o məqsədlər ətrafında səfərbər etmədikcə, ümumi üsyan məsələsindən danışmaq artıqdır. Üsyanın arxasında silahlı qüvvə lazımdır. Bu qüvvə olmadan başıpozuq xalqla hökumət qarşısına çıxmaq savadlıqsızdır. Xüsusən, Cənubi Azərbaycan barəsində ehtiyatlı olmaq lazımdır. Çünki Atabəylər İraq və Bağdad qoşunlarının köməyilə Cənubi Azərbaycanı bir neçə günün içərisində xarabazara döndərə bilərlər. İndi de görüm, elə bir hadisədə sənin köməyə getmək üçün silahlı qüvvən vardırmı?
Fəxrəddin dərin-dərin düşünəndən sonra bir ah çəkərək dedi:
− Təəssüf olsun ki, o qüvvə bizdə yoxdur. Lakin mən onu düzəldəcəyəm. Bunun üçün də mən bütün fikrimi silah işlətməyə vermişəm.
− Belə də lazımdır. Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir.
Читать дальше